Liseyimizin British Council ilə sıx əməkdaşlığı

British Council (Britaniya Şurası) uzun illərdir ki, ölkəmizdə ingilis dilinin səviyyəsinin yüksəldilməsi, müəllimlər üçün müxtəlif təlim, seminar və vebinarların təşkil olunması, şagirdlərin Təlim və Resurs mərkəzlərinə cəlb olunması istiqamətində nəzərəçarpacaq işlər görür.

Şagirdlərin dil bacarıqlarının inkişaf etdirilməsinə xidmət göstərən ən uğurlu layihələrdən biri olan Learning Hub layihəsinə 2018-ci ildən bəri liseyimizin ingilis dili müəllimləri  və şagirdləri də cəlb olunmuşdur. Bu il də Hub dərsləri istər şagird, istərsə də valideynlər tərəfindən böyük maraqla qarşılanmış və şagirdlər müxtəlif mövzularda sərbəst fikir yürütməklə, interaktiv tapşırıqlarda fəallıq göstərməklə dil bacarıqlarını xeyli inkişaf etdirmişlər.

Bundan əlavə, British Council Azerbaijan təşkilatı 2021-ci il iyun-avqust ayları ərzində ölkə üzrə yeni 2 aylıq pilot layihəyə start vermişdir. “Little Bridge” onlayn platforması üzərindən həyata keçirilən bu layihəyə ölkə ərazisində yerləşən orta məktəblərdən 6-12 yaş arası 500 məktəbli cəlb olunmuşdur.

Liseyimizin ingilis dili müəllimləri Nigar İbrahimova və Könül İslamova məktəb üzrə layihə koordinatoru seçilmiş, eləcə də 17 şagird bu layihədə iştirak hüququ qazanmışdır.

Layihənin məqsədi azyaşlıları əylənərək, oyunlar oynayaraq öyrənməyə sövq etmək idi. Platformada şagirdlərə dinləmə, danışma, oxuma və yazma bacarıqlarını inkişaf etdirmək üçün ingilis dilində mahnılar, pazllar və dialoqlar ilə birlikdə geniş çeşiddə öyrədici oyunlar təqdim olunmuşdur. Şagirdlərə müəyyən olunmuş mərhələləri keçdikcə bonuslar hesablanmışdır. Sonda yüksək nailiyyət göstərən şagirdlər British Council tərəfindən xüsusi sertifikat və layihənin simvolu olan Domino (it oyuncağını) əldə etmiş, digər şagirdlər isə iştirakçı sertifikatlarına layiq görülmüşlər.

Eyni zamanda bu ilin noyabr ayında British Council tərəfindən Learning Hub şagirdləri üçün maraqlı bir təklif irəli sürülmüşdür. Belə ki, İngiltərənin Qlazqo şəhərində baş tutmuş BMT-nin COP-26  İqlim sammiti çərçivəsində iqlim dəyişikliyi mövzusunda bir çox görüşlər və tədbirlər həyata keçirilmişdir. Britaniyanın Azərbaycandakı Səfirliyi və British Council da bu istiqamətdə genişmiqyaslı işlər aparmış, Resurs və Təlim Mərkəzindəki şagirdlərin iqlim dəyişikliyi istiqamətində fikirləri dinlənilmişdir. Liseymizin 5d sinif şagirdi Ümid Rəşidlinin hazırladığı video rolik British Council tərəfindən uğurlu çıxış kimi qiymətləndirilmiş və Britaniya Səfirliyinin rəsmi Facebook səhifəsində yerləşdirilmişdir.  https://www.facebook.com/ukinazerbaijan/videos/1222011541626496/?extid=WA-UNK-UNK-UNK-AN_GK0T-GK1C&ref=sharing

Həmçinin 13-20 noyabr tarixlərində liseyimizin ingilis dili kafedrasının bir neçə müəllimi British Council-ın peşəkar təlimçilərinin keçdiyi “Core Skills” təlimlərinə qatılmışdır. Təlim 2 gün müddətində onlayn şəkildə təşkil olunmuşdur. Təlimin əsas məqsədi şagirdlərə 21-ci əsr bacarıqlarının aşılanmasının zəruriliyini vurğulamaq və onlarda yaradıcılıq, vətəndaşlıq, əməkdaşlıq və ünsiyyət kimi əsas bacarıqları formalaşdırmağa xidmət edən metod və strategiyaları nəzərə çatdırmaq idi. Sonda müəllimlərə sertifikatlar təqdim olunmuşdur.

Dekabr ayının 28-də liseyimizdə Learning Hub şagirdlərinin təqdimatında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilə həsr olunmuş  ingilis dili gecəsi təşkil olunmuşdur. Tədbirdə British Council Azerbaijan ofisinin layihə üzrə koordinatoru Xanım Rəşid iştirak etmiş, şagirdlərin hazırladığı səhnəciklər, musiqi nömrələri, şeirlər və yanıltmaclar böyük maraqla qarşılanmışdır.