Kitabxana müdiri mükafatlandırıldı

Paytaxtın ümumi təhsil müsəsisələrində çalışan kitabxanaçılar üçün «Məktəb kitabxanaçısı pedaqoqdur» adlı elmi-təcrübi konfrans keçirilib.

Beynəlxalq məktəb kitabxanaları günü münasibətilə təşkil olunan konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) direktoru Tamilla İsmixanova və məktəb kitabxanaçıları iştirak ediblər.

Tədbirdə çıxış edən İdarənin müdir müavini Hüseyn Əsgərov BŞTİ və REPK-nın birgə əməkdaşlığı çərçivəsində təşkil olunan layihələrin əhəmiyyəti barədə danışıb. H.Əsgərov kitabxanaçıları müasir texnologiyalarla tanış etmək və kitabxana işinin səmərəli təşkili  məqsədilə həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Sonda şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə reallaşdırılmış “Qızıl rəf”, “Ədəbi natura”, “Kitab bizim ailənin uzunömürlü üzvüdür”, “Siz hələ də mütaliə etmirsiniz?”, “Mən oxudum, siz də oxuyun” layihələrinin qalibləri mükafatlandırılıblar.   287 nömrəli Zəkalar liseyinin kitabxana müdiri Nərgiz İdayətova  “Ədəbi natura”  layihəsi üzrə qalib olaraq mükafatlandırılıb.