Şagirdlərimiz 23 Nisan festivalından qayıtdılar

Liseyimizin beş şagirdi Türkiyədə hər il təşkil olunan 23 Nisan Uşaq festivalından qayıtdılar. Çox böyük sevinc və xoş xatirələrlə vətənə gələn şagirdlər sinif yoldaşları və müəllimləri ilə təəssüratlarını bölüşdülər. Söylənənləri elə onların öz dili ilə sizlərə çatdırırıq: “Biz Türkiyənin Mersin şəhərində keçirilən 23 Nisan Uşaqlar gününə həsr olunmuş festivalda  Zəkalar liseyinin şagirdləri olaraq Azərbaycanı təmsil etdik. Orada bizi çox gözəl  qarşıladılar. Festivalda 8 ölkədən iştirak edən  uşaqlar vardı, biz onlarla da tanış olduq. Bahçeşehir kollecində isə rəqslərimizlə çıxış  etdik, daha sonra kollecin şagirdləri ilə tanış olduq. Eyni zamanda Mersinin böyük saraylarından birində biz öz Azərbaycan Milli rəqs nümunələrimizlə layiqincə çıxış etdik. Bizi  bir neçə Bələdiyyə Baş Bakanıyla görüşə apardılar, bizimlə söhbət edib, hədiyyələr verdilər. Sonra Marinada konsertimiz oldu. Orada da bizi çox səmimi və gülərüzlə qarşıladılar. Çoxlu dostlar qazandıq. Səfərimizin sonuncu günündə qala gecəsində bizi medalla təltif etdilər və biz vətənə çox sevinclə qayıtdıq.”