Xarici dil öyrənmək üçün motivasiya. Sədaqət Qasımova

Xarici dil öyrənmək üçün motivasiya.

“ Bilik qüvvədir, biliyi tətbiq etmək, bacarıq və qabiliyyətləri göstərmək lazımdır.”                                                                      (İngilis dili aylıgının şüarı)

Müasir dünya öyrənənlərə bilik qazanmaq üçun müxtəlif  kitab və dərsliklərlə yanaşı muxtəlif texniki vasitələr də təqdim edir. Məktəb, əlavə məşgələlər, özəl və online kurslar, dərsliklər və test tapşırıqları bütün rahatlıqları ilə şagirdlərin ixtiyarindadırlar. Şagirdlər istənilən məkanda, istənilən formada dil öyrənə bilər və dil bilməyin üstünlüyü gələcək iş seçimi və iş yeri kimi məsələlərdə onlara yardımçı ola bilər. Bu mənada hələ məktəbli ikən xarici dili yaxşı öyrənməyə, öz fikrini düzgün ifadə etməyə, səlist və düzgün danışmaga çalışmaq lazımdır. Dərsliklərdən kifayət qədər yararlanmaq olar, amma sagirdlərin xarici dilə olan marağının, özünə inamın daha da artması, biliklərin genişlənməsi üçün daim yeni şeylər öyrənməyə can atması, kollektiv qarşisinda çixiş etmək, fikir yürütmək, müzakirələrdə iştirak etmək, rəqabət hissini duymaq, qabiliyyət və bacarıqlarından istifadə edərək bildiklərini söyləməkdən qorxmamaq kimi hissləri aşılamaq üçün sinifdənxaric və məktəbdənxaric işlərin əhəmiyyəti çox böyükdür.

Bizim liseydə ingilis dili aylığının keçirilməsi çox böyük marağa səbəb olur. İngilis dili aylığının məqsədi şagirdlər tərəfindən dilini öyrəndiyimiz ölkə və öz ölkəmizlə bağlı müxtəlif mövzuların müqayisəli işlənməsi və  plakatların hazırlanması, təqdimatlarla çıxışların edilməsi ; hər iki ölkənin görməli yerləri, tarixi abidələri, müsiqisi, ədəbiyyatı, incəsənəti, idmanı, tarixi və tarixi şəxsiyyətləri, milli qəhrəmanları və görkəmli insanları, mətbəxi, adət-ənənələri və s. mövzular haqqında danışmagı bacardıqlarının nümayiş etdirilməsi; Azərbaycanin milli dəyərləri olan seir, mahnı, səhnə və tamaşaların xarici dildə ifa edilməsidirr.

Şagirdlərə çoxlu sayda maraqlı işlər: atalar sözləri, tapmacalar, şaradlar, krossvordlar, yanıltmaclarla iş təklif olunur. Hətta nisbətən zəif biliyə malik olan şagirdlər də bu növ işlərə maraq göstərir, bilik və bacarıqlarının olduğunu sübut etməyə çalışırlar. Qazandiqları ən kiçik uğur onları çox sevindirir və onlar daha həvəslə dərs oxumağa başlayırlar.

Şagirdlər çox böyük həvəslə müxtəlif mövzulara aid plakat və divar qəzetlərini işləyirlər. Bu onları birgə işləməyə, əməkdaşlığa sövq edir: onlar arasında iş bölgüsü gedir, məlumatlar toplanir, müzakirələr aparılir, seçim edilir, yaradıcılıq və qabiliyyətlərdən istifadə olunur və sonda maraqlı bir iş ortaya gəlir.

Kifayət qədər söz ehtiyatı və dil qabiliyyəti olan şagirdlərə isə “Debat Klub”da iştirak etmək daha maraqlı gəlir. Onlar təklif olunan mövzularla bağlı fikir yürüdür, yoldaşlarının çıxışlarına qulaq asır, muzakirələrdə iştirak edirlər. Bu növ sinifdənxaric işlər şagirdlərdə özünə inamı artırır və onlar öz bilik və bacarıqlarından daha  düzgün istifadə etməyi öyrənirlər. “Vətənpərvərlik”, “Milli Qəhrəmanlarımız”, “Xocalı faciəsi”, “Ətraf mühitin problemləri”, “Gözəllik dünyanı xilas edər”, “Pul hər şey deyil” kimi hər zaman aktual olan mövzular şagirdləri aktivləşdirir və hər kəs öz nöqteyi-nəzərindən çıxış edərək fikir mübadiləsində çox fəal iştirak edir.

Çox böyük həvəsə və marağa səbəb olan tədbirlərdən biri də ingilis dilində hazırlanmış səhnəciklər və tamaşalardır. Aşağı siniflərdən başlayaraq yaş xüsusiyyətlərini və maraq dairəsini nəzərə almaqla şagirdləri belə tədbirlərə cəlb etmək çox asandır. Onlar çox böyük həvəslə şeir deyir, mahnı oxuyur, rəqs edirlər. Orta sinif şagirdlərini onlara tanış olan nağıl və təmsillərin səhnələşdirilməsinə cəlb etmək daha münasibdir.Yuxarı sinif şagirdlərı ilə daha ciddi mövzulara müraciət etmək olar. Mən öz şagirdlərimlə dahi ingilis şairi və dramaturqu Vilyam Şekspirin yaradıcılığına müraciət edərək  “Hamlet” faciəsini ixtisarla səhnələşdirmişəm. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan…” komediyasının ingilis dilində səhnələşdirilməsi təklifini şagirdlərim  xüsusilə böyük coşqu və maraqla qəbul etdilər. Onlar bəstəkar  haqqında bilgilərini daha da genişləndirərək onun həyat və yaradıcılığı haqqında məlumat topladılar, əsərləri ilə tanış oldular, təqdimatlar hazırladılar; daha sonra rollar üzərində iş və 7 səhnədən ibarət bir tamaşa hazir oldu. Tamaşa liseyin akt zalında göstərildi. Ən çox sevinən və qürur hissi keçirən şagirdlərin özü idi. Tədbirin hazirlığı zamanı şagirdlərin qazandıqları bilik və tamaşa zamanı nümayiş etdirdikləri bacariq və qabiliyyətlər onlarda özlərinə inamı daha da artırdı. “Bayramlar, adət və ənənələr” adlı tədbirimə isə 3-cü sinifdən 9-cu sinfə qədər şagirdlərimi cəlb etdim. İngilis və Azərbaycan xalqının bayramlarından, adət-ənənələrindən ingilis dilində məlumat verildi, şeirlər söylənildi, rəqslər ifa olundu, adət-ənənələrimizə  aid səhnələr göstərildi. Tədbirdə xalqımızın milli dəyərləri olan muğamdan, dahi musiqiçilərdən və onların əsərlərindən, milli rəqslərımizdən danışıldı,  ölməz musiqi nümunələri səsləndi, milli və dünyəvi rəqslər ifa olundu. Belə tədbirlərdən sonra şagirdlərin dərsə, xarici dilə, öz ana dilimizə, mədəniyyətimizə münasibətləri dəyişir. Onlar milli dəyərlərimizi daha çox qiymətləndirməyə başlayırlar, çünki özünə, dilinə, Vətəninə, onun tarixinə, mədəniyyətinə dəyər verməyən, başqa olkəyə, onun xalqına, tarixinə və mədəniyyətinə dəyər verə bilməz.

Ölkəmizin və dilini öyrəndiyimiz ölkənin dəyərlərini müqayisəli araşdırmaq və təqdimat hazırlamaq şagirdlərə təklif olunan başqa bir sinifdənxaric işdir. Məhəmməd Füzulinin “Leyli və Məcnun”və  Vilyam Şekspirin  ”Romeo və Culyetta” əsərlərini müqayisəli araşdırmağı, əsərlərin qəhrəmanlarında, yaşadıqları dövrdə, baş verən hadisələrdə oxşar və fərqli cəhətləri  tapmağı şagirdlərımdən birinə tapşırdım. O, çox böyük həvəslə bu işə başladı, “Love” adlı təqdimat hazırladı və  özünəməxsus şəkildə öz araşdirmalarını təqdim etdi. Hər kəsin gözü  önündə  saf məhəbbət mücəssəməsi olan Leyli və Məcnun, Romeo və Culyetta obrazları canlandı, və hamı onların nadanlıq, cahillik və ailə münaqişəsinin qurbanları olduqlarından kədərləndi.

Mən liseyimizin ingilis dili fənni üzrə fənn metodbirləşməsinin rəhbəri olaraq ingili dili müəllimlərini sinifdənxaric tədbirlərin keçirilməsinə daim həvəsləndirirəm. Təcrübəli və cavan müəllimlərin hər biri öz şagirdləri ilə mütəmadi işlər apararaq müxtəlif tədbirlər və layihələrlə liseyin şagird, müəllim və valideynləri qarşısında çıxışlar edirlər. Bu işlərin hər biri böyük zəhmət, güc və vaxt tələb edir, amma müəllimlərimiz şagirdlərimizin inkişafı və sonda nəticələrinin gözəl olması üçün davamlı olaraq çalışırlar. Şagirdlərimiz fənn üzrə bilik yarışmalarında, qəbul imtahanlarında da gözəl nəticələr göstərirlər.

 

 

Məzunlarımızın xoş sorağı həm olkəmizin, həm də xarici dövlətlərin universitetlərindən gəlir.  Bu liseyimizdə çalışan ingilis dili müəllimlərinin gördukləri işlərin, çəkdikləri zəhmətin nəticəsidir. Mən yeni dərs ilində bütün müəllimlərə uğurlar arzulayıram.

 

Sədaqət Qasımova, Xətai rayonu  287 nömrəli  “Zəkalar”liseyinin ingilis dili müəllimi, fənn metodbirləşməsinin rəhbəri.