Hamlet və Kefli İskəndər oxşar və fərqli cəhətləri ilə ingilis dili dərsində

 

Hamlet və Kefli İskəndər oxşar və fərqli

cəhətləri ilə ingilis dili dərsində

Bu tədris ilində Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası və  Vilyam Şekspirin  “Hamlet” faciəsini araşdırmaq, oxşar və fərqli cəhətlərı tapmaq təklifi ilə humanitar təmayüllü  9-cu sinif şagirdlərinə müraciət etdim. Şagirdlərim çox böyük həvəslə bu təklifi qəbul etdilər. Onlar görkəmli Azərbaycan yazıçısı, publisist, dramaturq  Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, dahi İngilis şairi, dramaturq  Vilyam Şekspirin həyat və yaradıcılığı, onların əsərləri haqqında məlumatlı olsalar da, mən onlara bildiklərini təkrarlamağı, xüsusən “Ölülər” və “Hamlet” əsərlərinə bir də müraciət etməyi tapşırdım. Fərqli xalqlara və  fərqli dövrə mənsub olan, fərqli dünyagörüşünə malik olan bu iki dahi insanın həyat və yaradıcılığına, əsərlərinə bir daha müraciət etmək, araşdırmalar aparmaq və sonra ingilis dili dərsində öz təqdimatları ilə çıxış etmək qərara alındı.

Məqsədli oxu üçün tapşırıqlar verdim: yazıçıların yaşadıqları dövrlərdə, yaradıcılıqlarında, onları dövrlərinin dahisi edən bu əsərlərin yazılmasının   səbəb və məqsədlərdə, iki əsas qəhrəmanın xarakterində, onların məşhur monoloqlarının məqsəd və niyyətlərində oxşar və fərqli cəhətləri araşdırmaq. Oxu və araşdirmalara üç həftə vaxt ayrıldı.

Dərs- təqdimatda sagirdlər fərdi, kiçik və böyük qruplarda və kollektiv işlədilər, əqli hücum,  BİBÖ cədvəli, rollu oyunlardan, Venn diaqramı, şaxələndirmə, kiçik qruplarda müzakirədən istifadə etdim. Dərsdə ədəbiyyat, tarix və coğrafiya fənlərinə inteqrasiya edildi. Texniki vasitələrdən- kompyüter və proyektordan, internet resurslardan, işçi vərəqlərdən, plakat və şəkillərdən, bədii ədəbiyyatdan istifadə olundu. Fəal dərsin bütün mərhələləri dərsdə öz əksini tapdı. Hamlet və Kefli İskəndərin şəkilləri ilə dərsi başladım, bunun ətrafında problem situasiya yaradıldı, sual-cavabdan sonra tədqiqat sualı qoyuldu: İnsanlar ətrafda baş verən neqativ hallara qarşı çıxmalıdırlarmı? Niyə? Necə? və Kim? Şagirdlər BİBÖ cədvəlində bildiklərini qeyd etdikdən sonra,  iki müxtəlif xalqın və dövrün nümayəndələri olan Cəlil Məmmədquluzadə və Vilyam Şekspir, onların əsərləri və qəhrəmanlarının yaşadıqları dövr, ölkə və insanlarının problemləri haqqında qısa məlumat verərək onlardan nəyi bilmək istədiklərini BİBÖ cədvəlində göstərməyi xahiş etdim. Şagirdləri üç qrupa (“Faciə”,“Kiçik hekayə”, “Tragikomediya”,)  bölərək tapşırıqlar verdim: Mirzə Cəlilin həyat və yaradıcılığı; V. Şekspirin həyat və yaradıcılığı; iki dramaturqun yaşadıqları dövr və yaradıcılıqlarında oxşar və fərqli cəhətlər. Qruplarla ikinci iş: “Ölülər” əsəri və əsas qəhrəman, Kefli İskəndər; “Hamlet” əsəri və əsas qəhrəman, Hamlet; İki qəhrəmanın oxşar və fərqli cəhətləri.

Şagirdlər hər iki tapşırıqdan sonra təqdimatlarla çıxış etdilər, Venn diaqramları ilə oxşar və fərqli cəhətləri nümayiş etdirdilər. Dərsdə öyrəndiklərini BİBÖ cədvəlində göstərdilər.

Yaradıcı iş zamanı şagirdlər məşhur monoloqları ifa etdilər: Hamletin monoloqunu İngilis və Azərbaycan dillərində, İskəndərin nitqini Azərbaycan və İngilis dillərində.

Qiymətləndirməni mərhələlərlə apardım: qrup işlərinin hər birindən və yaradıcı tətbiqetmədən sonra. Nəticə isə bundan ibarət idi ki, bu dünyada heç nə mükəmməl deyil, və çox az insan ətrafındakı çatışmamazlığa qarşı çıxmaq üçün özündə cəsarət tapa bilir.

Yaşadıqları dövrün qanunları ilə ayaqlaşmaq məcburiyyətində olan Hamlet və İskəndər özlərinəməxsus formada etiraz etməyə özlərində cəsarət tapdılar; qəti addım ata bilməsələr də, acizanə geri çəkilməyə məcbur olsalar da, sonda onlar yenə də qalibiyyət qazanmış oldular. Hər iki qəhrəman yaşadıqları cəmiyyətdə baş verən haqsızlıqları dərindən dərk edir, olanları həmvətənlərinə çatdırmağa, onların gözlərini açmağa çalışırlar. Lakin fanatizmin dərin girdabına düşmüş insanlar İskəndəri başa düşmək istəmir, onun söylədiklərini kefli olması ilə bağlayırlar. Yaşadığı cəmiyyətdəki haqsızlıqları, qanunların ikiüzlülüyünü, zəhmətkeşlərin xidmətlərinə görə təhqir olunduqlarını görən Hamletin sözlərini isə “dəli” sayıqlaması adlandırırlar.

Məqsəd təkcə iki əsər və bu əsərlərdəki əsas qəhrəmanların xarakterində olan oxşar və fərqli cəhətləri tapmaq deyil, həm də şagirdlərin ətraflarında baş verən neqativ hallara necə münasibət bəslədiklərini öyrənmək idi.

Bütün bu araşdırmalar şagirdlərə  ətrafda baş verənlərə tənqidi yanaşmağı, laqeyd qalmamağı öyrətmək, onlarda tənqidi təfəkkürü formalaşdırmaq üçündür.

Ev tapşırığı olaraq şagirdlərimə ətrafda baş verən xoşagəlməz hallara, problemlərə münasibətlərini və bu halları dəyişmək və ya aradan qaldırmaq üçün ideayalarını yazmağı tapşırdım.

Əslində bu cür araşdırma və təqdimatları şagirdlər öz ana dillərində ədəbiyyat dərsində də edə bilərlər və edirlər də. Onlar həm milli, həm də xarici ədəbiyyatdan nümunələr oxuyur, müqayisələr edir, fikir bildirirlər. Amma mən bütün bunları onlardan ingilis dilində almaq istədim. Sagirdlərimiz  ingilis dramaturqu, onun əsərləri haqqında ingilis dilində danışa bilir, məşhur monoloqları ifa edə bilirlər; bunula yanaşı onlar öz ədəbiyyatımız, əsərlərimiz haqqında danışa bilməli, əsər qəhrəmanları haqqında mülahizələrini ingilis dilində söyləyə bilməli, rollardan nümunələr də ifa edə bilməlidirlər. Mən düşünürəm ki, İngilis dilini öyrənməyimizin və öyrətməyimizin əsas məqsədi ingilislərə onlar haqqında danışmaq yox, onlara və ingilis dilini bilən bütün xalqlara özümüz, öz  mədəniyyətimiz, ədəbiyyatımız  haqqında danışmağı bacarmaqdır. Əgər bu işi müəyyən qədər edə biliriksə, demək məqsədimizə də çatmış oluruq.

Sədaqət Qasımova,  Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyinin ingilis dili müəllimi,  fənn metodbirləşməsinin rəhbəri