İstedadlı uşaq belə fikirləşir: “İri qartal nazik budağa qonub, ancaq budaq əyilməyib”

Sözlərimə ümummilli liderimiz Heydər Əliyevin çox məşhur bir ifadəsi ilə başlamaq istəyirəm: “Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik nadir insanlardır”. Bu o deməkdir ki, fitri istedadlar vaxtında aşkarlanmalı, onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Elə ölkə başçısının sərəncamı ilə həyata keçirilən “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” da bu məqsəddən qaynaqlanıb. Bu gün gənclər xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil alır, təhsil müəssisələrində “Kiçik Akademiya”lar yaradılır və s. Göründüyü kimi, bu uzunmüddətli bir strategiyadır və gələcək nəsillərin mükəmməl təhsilinə hesablanmışdır.
Istedad sözünün bir dağ ağırlığı, bir qranit tutumu var. Axan çaya, qaynayan çeşməyə də bənzətmək olar bu sözü. Yaşıdlarına nisbətən istedadlı uşaqla işləmək daha asandır. İstedadın inkişafına imkan yaradan başlıca amil təbii imkanlardır. Lakin təbii imkanlar məqsədyönlü və sistemli şəkildə aparılan təlim-tərbiyə prosesində inkişaf etdirilə bilər. Saf toxumun cücərməsi üçün münbit torpaq lazım olduğu kimi istedadlı uşaq üçün də nəzəri hazırlıq və düzgün istiqamətləndirmə başlıca şərtlərdəndir. Unutmaq olmaz ki, tez alışan maddə olan benzin oksigensiz mühitdə yanmır. Deməli, istedadın üzə çıxarılması məktəbsiz və müəllimsiz mümkün deyil. Uşaq parta arxasında, məktəbdə formalaşır. Daim müəllimin tərbiyəsi, psixoloqun müşahidələri altındadır. Hər müəllimin öz fərdi iş üslubu var. Müəllim öz fəhmi, pedaqoji ustalığı, metodik bacarığı ilə istedadlı şagirdləri aşkar edib üzə çıxarır. Təcrübə göstərir ki, məktəbdə keçirilən mədəni-kütləvi tədbirlər, görüşlər, diskussiyalar, bilik yarışları, inşa yazı və şeir müsabiqələri istedadlı uşaqların aşkar edilməsində münbit şərait rolunu oynayır. Güclü məntiq tələb edən testlər, sınaq imtahanları şagirdin qabiliyyətini tez büruzə verir. Çünki istedadlı uşağın özünəməxsus düşüncə tərzi, riyazi təfəkkürü, dərin müşahidə qabiliyyəti vardır. İstedadlı şagird problemə başqalarından fərqli aspektdən yanaşır, məsələnin həllində çətin variant axtarır.
Sərgidəki tabloda nazik budağın üstündə oturmuş qartal təsvir olunub. Rəsm əsəri hamıda xoş duyğular oyadır. İstedadlı uşaq isə belə fikirləşir: “İri qartal nazik budağa qonub, ancaq budaq əyilməyib”. Bax, əsl istedad budur!
İstedadlı uşaqları inkişaf etdirmək üçün geniş imkanlar mövcud olsa da, yenə də ən başlıcası müəllim əməyi, müəllim yaradıcılığıdır. Bilikli, metodik, psixoloji hazırlığı və pedaqoji ustalığı ilə fərqlənən müəllimlər istedadları vaxtında üzə çıxarır və inkişaf etdirir. İstedadlı şagirdlər gələcəyimiz, intellektual sərvətimizdir.

Zəkalar liseyi- Aygün Məmmədova ingilis dili müəllimi