Coğrafiya dərslərində interaktiv metodların və İKT tətbiqi

Xətai rayonu 287 №li “Zəkalar” liseyinin coğrafiya müəllimi Məhərrəmova Yeganə

Coğrafiya dərslərində interaktiv metodların və İKT
(İnformasiya və kommunikasiya texnologiylarının tətbiqi)
Yeni təlim metodlarından istifadə bu gün müasir dərsin əsas xüsusiyyətlərindən biridir. Müasir dərs necə olmalıdır? Müasir dərs müəlliminin dərsə ciddi hazırlaşmasını tələb edir.Müəllim hansı metodlardan necə və nə zaman istifadə edəcəyini bilməli, sinifdə şagirdlərin öz rəylərini, təkliflərini sərbəst və azad ifadə etmələrinə imkan yaratmalı, müəllim şagird, şagird müəllim əməkdaşlığı üçün şərait yaratmalıdır. Müasir dərsdə təlim metodları şagirdlərin yaş və bilik səviyyələrinə görə seçilməli, hər bir şagirdin psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır.
Əlbəttə ki, müəllim şagirdi subyekt kimi qəbul etməli, şagirdlərə “öyrənməyi öyrətmək” aşılamalıdır.
1988 – ci ildən coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm. İşlədiyim müddətdə həmişə axtarışda olmuş, yeniliklər etmək istəmişəm. Dərs dediyim siniflərdə interaktiv təlim üsullarından olan əqli hücum, rollu oyunlar, cütlər və qruplar, diskussiya, dairəvi söhbət metodlarından tez – tez istifadə edirəm. Bu metodların üstünlüyü ondadır ki, biliklərin verilməsi zamanı şagirdlər yaradıcı təfəkkürlərini işə salır, yeni bilikləri müstəqil yiyələnməyə çalışırlar. Bu zaman şagird mövzunu daha maraqla öyrənir, tez mənimsəyir və unutmur.
Yuxarı siniflərdə interaktiv metod və üsullarından daha geniş istifadə olunur. Keçilən mövzulara aid filmlər, şəkillər nümayiş etdirirəm. Çalışıram ki, mövzulara aid məlumatları şagirdlər internet vasitəsilə əldə etsinlər.
İnformasiya və kommunikasiya texnologiyasının tətbiqi coğrafiya dərslərini daha çox maraqlı edir. Dərs dediyim VIII sinifdə “Xəzər” mövzusunu keçdiyim zaman dərsdən 3 gün əvvəl şagirdlərə belə bir tətqiqat sualları ilə müraciət etmişdim. “Biz dünyaya necə yaxınlaşırıq?” , “Zirvəyə yaxınlaşanlar kimlərdir?”, “Dünyada elə bir zirvə var ki, ona çatmaq istəyirsiniz?” suallarına kompüter vasitəsilə cavab hazırlamalarını xahiş etmişdim.
Dərs vaxtı şagirdlər kompüterdə aşağıdakı cavabları təqdim etdilər: dilimizlə, dinimizlə, mədəniyyətimizlə, musiqimizlə, idmanımızla, təbii sərvətlərimizlə (neft, qaz) şagirdlər əldə etdikləri məlumatları dərsdə qrup şəklində müzakirə edirlər. Bu da onlarda düşünmək, axtarmaq, təhlil etmək, araşdırmaq bacarıqlarını inkişaf etdirir.
Dərsdə şagirdlərin dünyagörüşünün formalaşdırılması üçün belə suallarla onlara müraciət edirəm. Uşaqlar, Azərbaycan neft və qazını dünya bazarına çıxarmaq üçün hansı kəmərlər çəkilmişdir? Əsrin müqaviləsi və onun mahiyəti nədir? Həmin müqavilənin imzalanmasında və həyata keçirilməsində kimin xidmətləri əvəzsizdir?
Şagirdlərdən eşitdiyim cavablar onlar haqqındakı fikirlərimi daha da yüksəldir.
Dərs dediyim siniflərdə böyük şəxsiyyət, əvəzolunmaz insan, dahi rəhbər H.Əliyevin həyat və yaradıcılığını, təhsilə, elmə göstərdiyi qayğını, torpağına, vətəninə olan sonsuz sevgisini daima təbliğ edirəm. Onun “Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam” kəlamını xüsusi qeyd etməklə şagirdlərin milli zəmində vətənpərvərlik ruhunda tərbiyəsinə çalışıram.
Dünyada elə zirvə var ki, ona çatmaq istəyirsiniz? Sualına şagirdlərdən biri çox maraqlı cavab hazırlamışdır. Şagird kompüterdə öz şəklini və ümummilli liderimiz H.Əliyevin şəklini göstərmiş, ortada isə belə bir yazı vermişdir, “Sən elə bir zirvəsən, sənə çatmaq olarmı?” Əlbəttə ki, bütün bunlar bir müəllim kimi məni sevindirməyə bilməz. Şagirdlərin elmli, dünygörüşlü bir şəxsiyyət kimi formalaşmalarında az da olsa əməyim olduğu üçün özümü xoşbəxt sayıram.
Kompüterlə şagirdlər tədqiqat suallarının cavablarını təqdim etdikdən sonra mövzunun adını açıqlayıram. (“Xəzər” mövzusu) və şagirdləri qruplara bölürəm. Şagirdlər “Abşeron”, “Kaspi”, “Bakı”, “Xəzər” adları ilə 4 qrupa bölünürlər və hər qrupu 1 nəfər lider seçirlər. (qrupun ən fəal üzvü)
Qruplara tapşırıqları əvvəlcədən hazırladığım iş vərəqlərində verirəm. Şagirdlər tapşırıqları öz aralarında bölürlər.Çalışıram ki, tapşırıqlar həm maraqlı, həm də düşündürücü olsun. Qruplarla işləməyin çox böyük əhəmiyyəti var. Sinifdə ən az oxuyan şagird də, qrup daxilində hər hansı tapşırığın yerinə yetirilməsinə çalışaraq, qruplarının I olmasını istəyir.
Müəyyən edilmiş vaxt bitdikdən sonra qrupun liderləri öz cavabların təqdim edirlər. Digər şagirdlər dinləyir, bilmədiklərini öyrənir, onları qane etməyən cavablara öz münasibətlərini bildirirlər. Təqdim etmə şagirdlərin nitqinin inkişafında mühüm rol oynayır.
Şagirdlərin cavablarını dinlədikdən sonra dərsin məqsədinə uyğun hazırladığım meyar cədvəli ilə qrupların işini qiymətləndirirəm.
Bu cür fəal təlimdə şagirdlər daha aktiv olur, vaxta qənaət edir, az vaxtda çox məlumat alırlar. Qruplarla iş şagirdlərə problemi birgə həll etməyə, bir – birinin fikrinə hörmətlə yanaşmağa, müstəqil öyrənməyə, bildiyini sərbəst söyləməyə imkan yaradır.
Hər bir fənn müəllimi öz dərslərinə interaktiv təlim metodlarını və İKT – nı tətbiq etməklə öz zamanın tələbinə uyğun şəkildə qurmağı bacarmalıdır.